Главная » 2011 » Октябрь » 15 » Dmitri Medvedev xəbərdarlıq etdi: Transxəzər bütün sahilyanı ölkələrin razılaşmasını tələb edir
15:58
Dmitri Medvedev xəbərdarlıq etdi: Transxəzər bütün sahilyanı ölkələrin razılaşmasını tələb edir
Transxəzər qaz kəmərinin Rusiyadan yan keçməklə tikintisi bütün Xəzəryanı dövlətlərin mövqelərinin razılaşdırılmasını tələb edir. Bu barədə Rusiya prezidenti Dmitri Medvedev RF Təhlükəsizlik Şurasının iclasında bildirib. Xüsusən, o qeyd edib ki, ayrı-ayrı ölkələr və Avropa İttifaqı, Rusiyanın digər tərəfdaşları enerji daşıyıcıları nəqlinin diversifikasiyası haqqında düşünür.
"Bununla belə, Təhlükəsizlik Şurası üzvlərinin diqqətini artıq müzakirə etdiyimiz mövzulardan birinə çəkmək istərdim, mən öz həmkarlarımla da bu mövzunu müzakirə etmişəm – Xəzər dənizinin dibindən çəkiləcək Transxəzər qaz kəməri. Bu, kifayət qədər mürəkkəb məsələdir, daxili dəniz kimi Xəzər dənizinin statusundan birbaşa asılıdır və Xəzər Sammitinə daxil olan bütün dövlətlərin mövqeyinin razılaşdırılmasını tələb edir”, deyə o bildirib.
O qeyd edib ki, hüquqi status məsələləri və Xəzər hövzəsində hazırda baş verənləri nəzərə alaraq, ölkələrin diqqət yetirməli olduğu ekoloji təhlükəsizlik məsələləri də Xəzər dövlətlərinin sonuncu sammitində müzakirə olunub.
Ümid edirəm ki, energetika sahəsində əməkdaşlığın müxtəlif üsullarını düşünən tərəfdaşlarımız da əvvəlcədən qəbul edilmiş razılaşmalara sadiq qalacaqlar”, deyə o qeyd edib.
Medvedev bildirib ki, Rusiya bu və ya digər qərarların qəbul ediləcəyi halda Xəzəryanı tərəfdaşlarının diqqətinə çatdırmaq üçün öz mövqeyini formalaşdırmalıdır.
Rəsmi Bakı hələlik Rusiya prezidentinin fikirləri ilə bağlı şərh vermir.
Sentyabrın 13-də RF XİN bəyanatla çıxış edərək, Aİ Şurasının Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəməri haqqında danışıqlar aparmaq qərarından təəccübləndiyini ifadə edib və hesab edir ki, bu, regionda vəziyyəti mürəkkəbləşdirə bilər.
Güman olunur ki, 250 km uzunluğu olan Transxəzər qaz kəməri Azərbaycan vasitəsilə Avropa ölkələrinə qaz ixracı üçün Xəzərin Türkmənistan və Azərbaycan sahillərini birləşdirəcək.
Bakı-Tibilisi-Erzurum hissəsində qaz kəməri artıq fəaliyyət göstərir. Layihənin dəniz hissəsi ilə bağlı fikir ayrılıqları var. Rusiya və İran hesab edir ki, Xəzər dənizinin dibi ilə boru kəməri çəkilməsi məsələləri bütün Xəzəryanı ölkələrin razılığı ilə həll olunmalıdır. Azərbaycan, Qazaxıstan və Türkmənistan bu məsələni bütün sahilyanı dövlətlərin deyil, iki razılaşan tərəfin həll etməli olduğu qənaətinə əsaslanır. ABŞ və Avropa İttifaqı da bu mövqeyi dəstəkləyir.