Fazil Mustafanın Türk mənşəli olmayan digər Azərbaycan vətəndaşlarına ikinci "sort" baxması ilk dəfə deyil
Son zamanlar nədənsə soyadını tez-tez dəyişən hörmətli (hörmətlimi?) Fazil Mustafa yenidən "mus-mus" eləməyə başlayıb. Milli məsələlər üzrə ixtisaslaşmış, mütəxəssisləşmiş və peşəkarlaşmış bu adam yenidən öz qərəzli "tüfənginin muşkasını" Talış fəallarına tərəf tuşlayıb. Yeri gəldi-gəlmədi, gah onları separatçı, gah bölücü, gah da xain-satqın adlandırır. Ən absurdu isə, onun Azərbaycan Dövlətçiliyini müqəddəs sayan, bərabərhüquqlu vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan,demokratik dəyərləri hər şeydən üstün tutan Talış mənşəli ziyalılara qarşı hücumlarıdır. Sayğılı(sayğılımı?) Millət Vəkili (millətinmi vəkili?) F.Mustafanın Türk mənşəli olmayan digər Azərbaycan vətəndaşlarına ikinci "sort" baxması ilk dəfə deyil və hesab edirəm ki, heç sonuncu dəfə də deyil... O göy ,səma, o ulduzlar, o da...
Ümid edirəm ki, onun ziyanlı, bəzənsə zəhərli (daha çox hikkəli) baxış bucağı nə vaxtsa durulacaq. Mütləq durulacaq - əlbəttə, ictimai qınaq, həqiqətin təntənəsi sayəsində. Və bizlər- yəni öz xalqını sevib-yaşatmaq eşqi ilə yaşayan, eyni zamanda Azərbaycanı özü üçün doğma ana yurdu hesab edən vətənsevərlər, bu vətən üçün canını belə qurban verməyə hazır olanlar şübhə etməməliyik ki, zaman-zaman suyu bulandıranlara elə əlahəzrət Zamanın özü cavab verəcək!
İllah da ki, "mus-mus" eləyə-eləyə heç vaxt "mustafa" deməyə cəsarəti olmayan Fazil Mustafa ibn Qəzənfər kimilərə.
Seyran RƏFİYEV